“Expressbank” audit hesabatı: 14,5 milyon manat xalis mənfəət

02 iyun 2023

Expressbank kənar audit şirkəti tərəfindən təsdiqlənmiş 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat beynəlxalq audit şirkəti “KPMG” tərəfindən təsdiqlənib.

Hesabata əsasən, Bank ötən ili 14,45 mln. manat xalis mənfəət ilə başa vurub ki, bu da 2021-ci illə müqayisədə 36.8% yuxarı göstəricidir.
Ötən ilin yekununda bankın faiz və qeyri-faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, faiz gəlirləri 15% artaraq 47,8 mln. manat, qeyri-faiz gəlirləri isə 27% artaraq 18,216 mln. manat olub. Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər təşkil edib.
  Bankın aktivləri isə 25% artımla 437,39 mln. manata yüksəlib. Aktivlərin 298,948 mln. manatını kredit portfeli təşkil edib. Hesabatda Bankın depozit portfelinin 208,166 mln. manat təşkil etdiyi qeyd edilib ki, bu da 2021-ci ilin göstəricilərindən 31% yüksəkdir.

Qeyd edək ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqlənib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.