Expressbankın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

17 mart 2026

"Expressbank"ın sponsorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə ərsəyə gətirdiyi “RoboCode III” robotik kodlama düşərgəsi yekunlaşıb.

 
Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe və Expressbankın Reklam və Marketinq şöbəsinin rəhbəri Ayşən Həsənova çıxış ediblər.

 
Ayşən Həsənova öz çıxışında Expressbankın gənclərin maariflənməsinə və texnoloji yeniliklərdə onların aktiv iştirakına verdiyi önəmi vurğulayıb. Həmçinin, Bankın bu istiqamətdəki layihələri dəstəkləməkdən və Azərbaycan gəncliyinin inkişafına töhfə verməkdən məmnunluğunu dilə gətirib. O, robototexnika və kodlama kimi gələcəyin sahələrinə qoyulan investisiyanın ölkənin rəqəmsal ekosisteminin güclənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

 
Tədbirin açılış nitqindən sonra düşərgə müddətində formalaşan və final mərhələsinə keçən 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
 
 
Nəticələrə əsasən 1-ci yerə “Qızılbaş”, 2-ci yerə “Soilmate" komandası, 3-cü yerə isə “Spark Mind” komandası layiq görülüb.
Qaliblər “SAHA Robotics” və “Bilişim Vadisi”ndən bir sıra imtiyazlar əldə edib, həmçinin Expressbank tərəfindən hədiyyələrlə təltif olunublar. Bundan əlavə, layihəsini tam şəkildə inkişaf etdirərək tamamlayan qalib komanda “Take Off İstanbul” startap sammitində iştirak imkanı əldə edəcək.

 
Qeyd edək ki, bir ay davam edən düşərgəyə ümumilikdə 150-dən çox müraciət daxil olub və kriteriyalara əsasən seçilmiş 105 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlim proqramına “ROS 2-in əsasları”, “SLAM alqoritmləri”, “ROS 2 alətləri və Gazebo-da fərdi mühitin yaradılması” kimi texnoloji mövzularla yanaşı, sahibkarlıq və komanda quruculuğu istiqamətində təlimlər də daxil olub.