Expressbank olaraq məsuliyyətli borcvermə siyasətimizə əsaslanır və yalnız müştərilərimizi məlumatlandırmaqla kifayətlənmirik. Biz, həmçinin ictimaiyyətin maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif kanallar vasitəsilə əhalinin maarifləndirilməsinə xidmət edirik.
Son illərdə artan dələduzluq hallarına qarşı müdafiəni gücləndirmək və sağlam borcalma vərdişlərinin formalaşdırılmasına diqqət çəkmək məqsədilə biz vətəndaşları məsuliyyətli borclanma prinsiplərini mənimsəməyə çağırırıq.
Maliyyə sabitliyinin qorunması üçün hər bir şəxs borclanmazdan əvvəl aşağıdakı məqamlara diqqət yetirməlidir:
1️⃣ Real ehtiyacların müəyyənləşdirilməsi
Kredit yalnız zəruri hallarda və məqsədli şəkildə götürülməlidir. Bəzən insanlar emosional qərar verərək plansız borclanırlar. Bu isə uzunmüddətli ödəniş çətinliklərinə və maliyyə yükünün artmasına səbəb ola bilər.
2️⃣ Büdcənin düzgün planlaşdırılması
Borclanmazdan əvvəl aylıq gəlir və xərclərin təhlili vacibdir. Biz tövsiyə edirik ki, aylıq gəlirin 30-35%-dən çox hissəsi kredit ödənişlərinə yönəlməsin. Bu, həm şəxsi maliyyə təhlükəsizliyinin qorunmasına, həm də qənaət imkanlarının yaranmasına kömək edir.
3️⃣ Kredit şərtləri ilə tanışlıq
Kredit müqaviləsində göstərilən faiz dərəcələri, cərimə şərtləri və müddət kimi vacib detallar tam başa düşülməlidir. Hər hansı sual yarandıqda, əməkdaşlarımızdan yerindəcə izahat istəmək tövsiyə olunur. Qeyd edirik ki, müqavilə imzalandıqdan sonra müştəri hüquqi öhdəlik daşıyır.
4️⃣ Kredit tarixçəsinin qorunması
Ödənişlərin vaxtında həyata keçirilməsi gələcəkdə digər maliyyə xidmətlərindən yararlanmaq imkanlarını artırır. Əks halda gecikmələr kredit tarixçəsinə mənfi təsir göstərə və yeni kredit əldə etməyi çətinləşdirə bilər.
5️⃣ Maliyyə savadlılığının artırılması
Biz inanırıq ki, maliyyə qərarlarında uğurlu olmaq üçün bilik ən güclü vasitədir. Bu məqsədlə Expressbank olaraq vətəndaşlara şəxsi maliyyə idarəçiliyi, büdcə planlaşdırması və məsuliyyətli borclanma mövzularında mütəmadi maarifləndirici materiallar təqdim edirik.
Bizim üçün əhalinin maliyyə savadlılığının artırılması Bankın sosial məsuliyyət strategiyasının prioritet istiqamətlərindən biridir. Həm müştərilərimizin fərdi rifahı, həm də dayanıqlı maliyyə sisteminin qorunması üçün bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiririk.
“Expressbank” ASC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.
